"Qəbələ" klubu baş məşqçisi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadacaq.
Bu barədə "Report"a 41 yaşlı mütəxəssisin özü məlumat verib.
Baxşıyevin sözlərinə görə, rəhbərlik ona komandanı yeni mövsümə hazırlaşdırmağı tapşırıb: "Hələ danışığımız olmayıb. Amma rəhbərlik komandanı gələn mövsümə hazırlamağı qarşıma məqsəd qoyub. Mən "Qəbələ"yə bağlı insanam. Ona görə də müqavilə hər zaman mənim üçün ikinci planda olub. Komandanı daha da inkişaf etdirmək istəyirik".
Baş məşqçi bildirib ki, yeni mövsümlə bağlı müəyyən planlar hazır olsa da, büdcənin təsdiqlənməsini gözləyirlər: "Bundan sonra futbolçularla danışıqlara başlayacağıq. Bütün oyunçularımızın müqaviləsi başa çatıb. Gərək, büdcə bilinsin ki, ona uyğun hərəkət edək".
Baxşıyev nigeriyalı hücumçu Ceyms Adeniyinin böyük ehtimalla, komandanı tərk edəcəyini söyləyib: "Onun komandada qalması çox çətindir. Çünki məvacibi yüksəkdir. İnanmıram ki, maaşını ödəyə bilək. Nikolas Rayselin də sözləşməsi başa çatıb. Amma tam əlimizi üzməmişik. Yenidən danışıqlara başlaya bilərik. Digər futbolçularla bağlı vəziyyət isə qeyri-müəyyəndir. Hər şey maliyyədən asılıdır".
Mütəxəssis yeni büdcənin qarşıdakı günlərdə təsdiqlənəcəyini vurğulayıb: "Bu, rəhbərliyə aid məsələdir. AFFA-dan kluba dəstək olub-olmayacağını bilmirəm. Mənim işim komanda ilə bağlıdır. Heyətə yeni futbolçular qatmaq istərdik. Amma dediyim kimi, ilk növbədə büdcə bilinməlidir. Klubumuza hansısa oyunçu ilə bağlı rəsmi təklif gəlməyib. Amma hər biri istənilən klubla danışıq aparmaqda sərbəstdir".
Qeyd edək ki, "Qəbələ" ötən mövsümü 26 xalla 7-ci pillədə başa vurub.