Bu gün futbol üzrə 28-ci Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Finalda Azərbaycan çempionatının bürünc medallarını ilk dəfə qazanmış “Sumqayıt”la Premyer Liqanı altıncı sırada başa vurmuş “Keşlə” qarşılaşacaq.
Masazır qəsəbəsində “Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da keçiriləcək görüşdə nominal meydan sahibləri “Keşlə”dir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüşdə “Sumqayıt” ardıcıl ikinci dəfə final oynayacaq. 2019-cu ildə (ötən il pandemiyaya görə kubok yarışları yarımçıq saxlanılıb – S.M.) Naxçıvandakı finalda “Qəbələ”yə 0:1 uduzaraq şansını əldən vermiş “Sumqayıt” klub tarixində daha bir ilki yaşamaq üçün qalib gəlmək istəyir.
Ancaq bu matç “Keşlə” üçün daha vacibdir. Mövsümü uğursuz keçirən ötən mövsümün bürünc mükafatçısı avrokuboklara vəsiqə qazanmaq üçün mütləq bu matçda qalib gəlməlidir. Belə olacağı halda, “Keşlə” “Qarabağ” və “Sumqayıt” kimi Avropa Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. “Keşlə”nin qələbəsi onun qazandığı ikinci Azərbaycan Kuboku olacaq. Qəsəbə klubu bu adla çıxış edəndən ilk dəfə 2018-ci ildə Qəbələdə meydan sahiblərini 1:0 məğlub edərək bu uğura imza atmışdı.
Premyer Liqada bu komandaların qarşılaşdığı dörd oyuna əsasən “Sumqayıt” üstündür. Sumqayıt klubu iki dəfə, Bakı komandası isə bir dəfə 1:0 hesabı ilə qələbə qazanıb. Daha bir matçda 2:2 hesabı qeydə alınıb.
Onu da bildirək ki, bu matçda “Keşlə” uduzacağı halda, avrokuboklarda çempionatın dördüncüsü kimi “Zirə” çıxış edəcək.
Qeyd edək ki, bu matçla Azərbaycanda 2020/21 futbol mövsümü rəsmən başa çatacaq.
24 may
19:30 “Keşlə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Abşeron. “Bank Respublika Arena”
//oxu.az