Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov oxu.az-a açıqlamasında bildirib ki, yaralılara ilkin yardım edilib və onlar təcili olaraq xəstəxanalara çatdırılıblar:
“Müayinə zamanı 22 yaşlı qıza qapalı kəllə beyin travması diaqnozu və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlana isə qapalı kəllə beyin travması diaqnozu qoyulub. Onların vəziyyətləri ağırdır. Yaralılar təcili olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Onlardan başqa, hadisədə yaralanan sol qolun sıyrılmış yarası ilə 38 yaşlı kişi və sol çiynin və sol baldırın travması ilə 33 yaşlı kişiyə yerində yardım edilib. Onlar xəstəxanaya getməkdən imtina ediblər”.
* * * * *
Zirə qəsəbəsində qatar taksini vurub.
Hadisə Qala yolu adlanan ərazidə baş verib.
Qatarın taksini vurması nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.
İlkin məlumata görə, yaralıların vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub:
“Hazırda həkim briqadaları hadisə yerindədir. Yaralılara yardım edilir. Əlavə məlumat veriləcək”.
/oxu.az/