Avqustun 27-ində Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində bədbəxt hadisə baş verib.
Bu barədə Xızı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, həmin yolda tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada vəfat edib.
Fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilib, hadisənin şahidləri müəyyən edilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.