Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırıla bilər.
Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçot nəzarəti şöbəsinin müdri Elnur Abbasov deyib ki, bu dəyişiklik pensiya ilə bağlı yeni qanun layihəsində nəzərdə tutulub. Hazırda qüvvədə olan ''Əmək pensiyaları haqqında'' qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.
Qeyd edək ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü özünün digər növ pensiya və ya müavinət hüququ yarandıqda payına düşən pensiya məbləğini digər ailə üzvləri arasında bölüşdürəcək. Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək hər birinə 140 manat verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə hər birinə 70 manat olmaqla əlavə ediləcək. Elnur Abbasov deyir ki, qulluq stajına görə verilən pensiyalar da artırıla bilər.
Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir. Əgər qanun layihəsi təsdiq edilərsə, bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: