“Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.
TASS xəbər verir ki, bunu Fransa Prezidentinin rəqəmsal texnoloqiyalar üzrə baş katibi Sedrik O bildirib.
“Facebook” rəhbəri Mark Zukerberqla Fransa Prezidenti Emmanuel Makron arasında ötən ildən başlayaraq keçirilən bir sıra görüşlərdə dövlət başçısı nifrət çağırışları və saxta məlumatlarına nəzarət etmək əzmində olduğunu dilə gətirmişdi. Noyabrında isə “Facebook” rəhbərliyi Fransa istintaq orqanları ilə sözügedən məsələdə əməkdaşlıq edəcəyini açıqlamışdı.
Bu ilin mayında M.Zukerberq nifrət çağırışlarının əks olunduğu paylaşımların 65 faizinin şikayət gələnədək qeydə alındığını, qanunla qadağan olunmayan hər hansı paylaşımlarla bağlı şirkətin özbaşına qərar verməsinin düzgün olmadığını açıqlamışdı.