"Qarşısı alınacaq tədbirlər görülərsə, bəzi sürüşmə ərazilərində ev tikmək olar" - Qurban Yetirmişli
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bir neçə gün öncə açıqlama ilə çıxış edərək bildirib ki, tikinti normativlərinə əməl edilərsə, hətta sürüşmə ərazisində də ev tikmək olar.
Q.Yetirmişlinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları insanlar, o cümlədən mütəxəssislər onun açıqlamasının başa düşülmədiyini, sürüşmə zonasında ev tikməyə icazə verilməsinin düzgün olmadığını bildiriblər. Hətta bu açıqlamanın arxasında başqa məqamlar axtaranlar da olub.
Cəmiyyətin reaksiyasını nəzərə alaraq, açıqlamasına aydınlıq gətirmək üçün yenidən Qurban Yetirmişliyə müraciət etdik. Baş seysmoloq Sputnik Azərbaycan-a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib: "Burada tikinti normativlərindən söhbət gedir. Bunun üçün seysmik aktivliyi olan rayonlarda tikintinin normativlərinə baxmaq, beynəlxalq standartlara uyğun olub-olmamasını öyrənmək lazımdır. Biz bununla bağlı Amerika, Kanadadan olan tanınmış mütəxəssislərlə görüşüb, müzakirələr aparmışıq. Buna əməl olunarsa, qarşısı alınacaq tədbirlər görülərsə, bəzi sürüşmə ərazilərində də ev tikmək olar. Əlbəttə, bu o demək deyil ki, belə yerlərdə 60 mərtəbəli binalar tikilmək olar".
Q.Yetirmişli eyni zamanda aktiv sürüşmə ərazilərindən biri olan Bayıl yamacı ilə bağlı da danışaraq qeyd edib ki, adıçəkilən ərazidə hansı istiqamətdə sürüşmələrin olması izlənilir və bununla bağlı müvafiq rəy hazırlanıb.