İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.
Median.Az-ın məlumatına görə, bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.
Baquz uğrunda döyüş 2019-cu ilin fevralında Suriya demokratik qüvvələrinin və Amerika koalisiyasının iştirakı ilə başlayıb. Martın 23-də Suriya hərbçiləri əməliyyatın başa çatdığını elan ediblər. Baquz İŞİD-in Suriyadakı son qalası hesab edilirdi.
Qeyd edək ki, bu, əl-Bağdadinin son 5 ildə ilk videoyazısıdır. İŞİD rəhbəri sonuncu dəfə 2014-cü ilin iyulunda tərəfdarları qarşısına çıxıb.
Daha əvvəl İŞİD terror qruplaşması Şri-Lankada törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.