Kamçatkada qəzaya uğrayan helikopterdə həlak olanların hamısının cəsədi tapılıb.
Median.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Mi-8T" helikopteri Vaçkajets vulkanı - Nikolayevka kəndi marşrutu ilə uçub. Onun axtarışı avqustun 31-də, təyin olunmuş vaxtda əlaqə yarada bilmədikdən sonra başlayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə 22 nəfər - 19 turist və üç ekipaj üzvü olub.
Kamçatka diyarı hökuməti "Mi-8T" helikopterinin qəzaya uğramasının nəticələrinin aradan qaldırılması üçün qərargah yaradıb. Qərargahda psixoloji yardım və qohumlara ödənişlə məşğul olacaq sosial bölmə var.
Bu gündən etibarən həlak olanların cəsədlərinin Petropavlovsk-Kamçatskiyə aparılacağı gözlənilir.
Vilayətin qubernatoru Vladimir Solodov "Telegram" kanalına bildirib ki, sentyabrın 3-də "Mi-8T" helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün matəm günü elan edilib.
Helikopter qəzası Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Kamçatka, Moskva, Perm diyarı, Buryatiya, Udmurtiya, Lipetsk və Amur vilayətlərindən 18 nəfərin ölümünə səbəb olub. Solodov hadisəni "hamımız üçün dəhşətli faciə" adlandırıb.
"Sentyabrın 3-nü Kamçatkada matəm günü elan edirəm, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə vilayət başçısı bildirib. O əlavə edib ki, helikopterin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün Beynəlxalq Aviasiya Komitəsinin mütəxəssisləri tezliklə Kamçatkaya gələcəklər.
Xatırladaq ki, "Mi-8" avqustun 31-də radarlardan itib. Onun təpəyə çırpılaraq qəzaya uğradığı bildirilib.