Xərçəng dərmanı erkən Altsheymer xəstəliyində beyin funksiyasını yaxşılaşdıra bilər.
Bu barədə “Science” jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər aşkar ediblər ki, IDO1 inhibitor sinfindən olan dərmanlar erkən Altsheymer xəstəliyi olan siçanlarda beyin funksiyasını yaxşılaşdıra bilib.
Bu dərmanlar IDO1 fermentini bloklayır və hazırda dəri, qan və döş xərçəngini müalicə etmək üçün sınaqdan keçirilir. Bədəndəki IDO1 amin turşusu triptofanın parçalanmasında mühüm rol oynayır. Eyni zamanda kinurenin birləşməsinə çevrilir.
Həddindən artıq kinurenin isə astrositlərin - neyronların işləməsinə kömək edən beyin hüceyrələrinin enerji təchizatını pozur. IDO1-in bloklanması kinurenin səviyyəsini normala qaytara bilər. Eyni zamanda, astrositlərin və sinir hüceyrələrinin işi də bərpa olunur.
Alimlər hesab edirlər ki, IDO1 inhibitorları beyin hüceyrələrində enerji istehsalını yaxşılaşdırmaqla Altsheymer xəstəliyinin inkişafını ləngidə bilər.
Qeyd olunub ki, beyin qlükozadan çox asılıdır və bu, bir çox proseslərin baş verməsini təmin edir.
Buna görə də, maddələr mübadiləsi və enerji istehsalı üçün şəkərdən səmərəli istifadə etmək qabiliyyətinin itirilməsi metabolik problemlərə xüsusilə, idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər.