Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi ilə bağlı daha bir şəxs - Məhəmməd Zoira Şaripzoda adlı kişi (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) günahını qismən etiraf edib.
Bu barədə "RIA Novosti" iş materiallarına istinadən məlumat verib.
Qeyd olunub ki, şübhəli şəxs irəli sürülən ittihamlarla qismən razılaşıb və istintaqla əməkdaşlığa hazırdır.
Tacikistanəsilli Şaripzoda terror aktı işi üzrə 12 müttəhimdən biridir. O, ən son saxlanılan ikinci şəxs olub. Həmçinin Yakubconi Yusufzoda və Nazrimad Lutfulloi də qismən təqsirli olduqlarını etiraf ediblər.
Xatırladaq ki, iyunun 2-də Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib. Daha iki nəfərin isə ölkəni tərk etməsinə qadağa qoyulub. İstintaq tərəfindən terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, o cümlədən silah və partlayıcı vasitələrin qanunsuz dövriyyəsi maddələri üzrə bir neçə cinayət işi açılıb.