Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyi ilə bağlı xəbərdarlıq edib.
Median.Az “CNN Türk”ə istiandən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, meymunçiçəyi birbaşa təmas yolu ilə bir şəxsdən digərinə keçə bilər: “Dəri tamamilə təmizlənməyib və dəyişilməyibsə, xəstəlik bir şəxsdən digərinə keçə bilər. Bəzi xəstələr hətta simptomlar məlum olmazdan bir-dörd gün əvvəl meymunçiçəyini yoluxdura bilərlər”.
Nazirlik vətəndaşlara meymunçiçəyinə yoluxmuş xəstələrlə təmasdan çəkinməyə çağırıb: “Həmçinin xəstələrin istifadə etdiyi əşyalara toxunmaq olmaz. Əlləri tez-tez sabunla yumaq lazımdır. Gigiyenik qaydalara əməl etmək lazımdır”.
Eyni zamanda vurğulanıb ki, meymunçiçəyi heyvandan da insana keçə bilər.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.