Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.
Bu barədə Median.Az “TASS”a istinadən xəbər verir.
Tiqran Avinyan müharibədə 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.
“Onlardan 766-sının şəxsiyyəti hələ müəyyən edilməyib. İtkin düşənlər də var. Son rəqəmləri açıqlamaq istəmirəm. Ancaq ölənlərin sayı 4 mindən çox olmayacaq”.
Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.
Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 300-dən çox insan itkisinin olduğunu etiraf etmişdi.
Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.