“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Mask “Forbes”in planetin ən varlı adamları reytinqində birinci yeri tərk edib.
Bu barədə “RİA Novosti” məlumat verir.
Eyni zamanda, onun “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index”də (BBI) liderliyini qoruduğu bildirilir.
“Forbes Real-Time”a görə, Maskın sərvəti bir gündə 13,5 milyard azalaraq 176,2 milyard ABŞ dolları təşkil edib. O, reytinqdəki liderliyini kapitalı 182,1 milyard dollar olaraq qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezosa təhvil verib.
Qeyd edilir ki, bir gün əvvəl ABŞ-ın əsas fond indeksləri düşüb, “Tesla”nın səhmləri 7,8 faiz azalaraq, 811.19 dollar təşkil edib.