Rusiyanın Başqırdıstan respublikasında qocalar evində yanğın baş verib. Xilasedicilər hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.
Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə Abzelilovski rayonunun İşbuldino kəndində baş verib.
Nazirlikdən verilən məlumata görə, hadisənin baş vermə səbəbləri və şərtləri müəyyənləşdirilir.
Abzelilovski rayon administrasiyasının rəhbəri İldar Nafikov hadisə ilə əlaqədar bölgədə fövqəladə rejim tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, yanğın 1960-cı illərdə inşa edilmiş, 16 nəfərin olduğu binada baş verib.
Beş nəfərin xilas edildiyi bildirilir.
İlkin məlumatda qeyd olunur ki, hadisə ehtiyatsızlıqdan baş verib.
“Müxtəlif versiyalar nəzərdən keçirilir. Bunların arasında naqillərdəki nasazlıqlar və insan faktoru var. Bəlkə də kimsə yataqda siqaret yandırıb”, - deyə bildirilir.