Təəssüf ki, hamısı olmasa da əksər rusiyalı ekspert arzu ediləni həqiqət kimi qələmə verir. Qərəz onların obyektiv olmasına mane olur. Üstəlik, öz dövlətlərinin rəsmi siyasəti barədə səhv anlayışları var.
Bunu türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İkbal Durre rusiyalı ekspertlərin Türkiyənin Qarabağda sülhməramlı əməliyyatda iştirakına narazılıqları ilə bağlı Media.az-ın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Kremlin mövqeyini öyrənəndə bir çox ekspertin rəyi, ritorikası tədricən də olsa dəyişir.
“Tez-tez belə metamorfozların şahidi oluram”, - deyə o əlavə edib.
Politoloq bu məsələdə Qərbin reaksiyasına gəldikdə isə onların mövcud vəziyyətdə məsələlərdən kənarda qaldıqlarına görə narazı olduqlarını bildirib.
“Onlar Türkiyə və Rusiyanın bölgədə artan nüfuzundan narazıdırlar. Qərb son zamanlar bu ölkələrlə elə də yaxşı münasibətdə deyil və bu, Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşmasına təkan verir. Hadisələrin belə bir inkişafı onlara sərf etmir, bunu heç gözləmirdilər. Ancaq Qərb öz problemləri ilə məşğul olduğundan bu məsələdə bəxti gətirmədi: ABŞ-da - seçkilər, Avropada - terror hücumları. Nəticədə onların Qarabağa gecikmiş reaksiyasının şahidi oluruq”.
Ekspert Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu da qiymətləndirib:
“Bu, Azərbaycan üçün də, Türkiyə üçün də müsbət haldır. Rusiya üçün bir nəticədir, buna görə də Moskva Ankara ilə əlaqələrini inkişaf etdirəcək. Bütün ölkələr Qafqazda qonşudurlar. Moskva üçün Türkiyə istənilən halda Qərbin bu bölgədəki varlığını gücləndirməkdən daha yaxşıdır”.
Ermənistanın narazılığına gəldikdə isə ekspert bunu heç cür başa düşmədiyini deyib:
“Ermənistan ümumiyyətlə hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram”, - deyə İkbal Durre sözlərini yekunlaşdırıb.