2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 7 min 344 çeşid məhsul idxal edib.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 16,67 faizini, özəl sektor 73,97 faizini, fiziki şəxslər 9,36 faizini təşkil edib.
Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 461,2 milyon dollar, özəl sektor üzrə 6 milyard 485,1 milyon dollar, fiziki şəxslər üzrə 821,1 milyon dollar olub.
Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 2 milyard 274,2 milyon dollar, Avropa İttifaqı ölkələrindən 2 milyard 43,4 milyon dollar, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 4 milyard 449,8 milyon dollarını təşkil edib.
İdxal əməliyyatları həcminin ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.
Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 40,1 milyon dollar həcmində olub.