Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu ilə Qırğızıstan ipoteka şirkəti arasında görüş keçirilib.
Fonddan verilən məlumata əsasən, Qırğızıstan Respublikasının “Dövlət İpoteka Şirkəti” ASC ilə video formatda təcrübə mübadiləsi həyata keçirilib.
Görüşdə Fondun və Qırğızıstan İpoteka Şirkətinin rəhbərliyi, habelə Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı ilk olaraq Qırğızıstan nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, o cümlədən, 27 sentyabr 2020-ci il tarixindən etibarən düşmənin hərbi təxribatları və Azərbaycan ordusunun öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə geniş məlumat verilib.
Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkindirməyə səsləməlidir.
Öz növbəsində, qarşı tərəf ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində Azərbaycanın haqq səsinin qardaş qırğız xalqı tərəfindən dəstəkləndiyini bir daha bəyan ediblər.
Təcrübə mübadiləsi çərçivəsində qarşı tərəfə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin verilmə şərtləri, ipoteka kreditlərinə zəmanətlərin verilməsi qaydası, habelə “Elektron ipoteka və kredit zəmanət sistemi”, vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib.