Bu gün, yəni sentyabrın 10-da mediada çox da diqqət cəlb etməyən iki xəbər vardı. Birinci xəbərdə qeyd olunurdu ki, ABŞ noyabr ayına qədər Əfqanıstandakı hərbi kontingentini 8,6 mindən 4,5 min nəfərə qədər azaldacaq.
İkinci xəbərdə isə Ağ Evin mətbuat katibi Keyli Makineniyə istinadən yaxın aylarda İraqda yerləşən ABŞ əsgərlərinin sayının 5,2 mindən 3 minə qədər azaldılacağı qeyd olunurdu.
Əlbəttə, bu xəbərlər indi o qədər də diqqət cəlb etmir, xüsusən də son aylarda Vaşinqtonun Talibanla danışıqlar masasına oturması, sülh razılaşmasının əldə olunması və eləcə də keçən ay Vaşinqtona səfər edən İraq baş naziri Mustafa əl-Kazımi ilə görüşən prezident Trampın məlum açıqlamaları fonunda bu xəbərlər adi, sıradan xəbər kimi görünə bilər. Lakin bu gün həm də 10 sentyabrdır. Sabah 11 sentyabr hadisələrinin 19 ili tamam olur.
19 il əvvəl – 2001-ci il sentyabrın 11-i cümə axşamı günü ABŞ-da miqyası bu zamana qədər görünməmiş terror aktları törədildi. Səhər saat 8:46-da “American Airlines 11” reysli təyyarə Nyu-Yorkdakı məşhur Dünya Ticarət Mərkəzinin ”Əkiz Binalar”ın şimal qülləsinə çırpıldı. Təqribən 20 dəqiqə sonra “United Airlines 175” reysli təyyarə “qüllələrin” ikincisinə - Cənub Qülləsini çırpıldı. Daha bir təyyarə isə ABŞ Müdafiə Nazirliyinin binasına çırpılır. Terrorçuların qaçırdığı digər təyyarə isə vurulub salındı.
Terror aktları nəticəsində 19 terrorçu və 2977 nəfər günahsız insan ölüb, 6 mindən çox insan yaralanıb. Qaçırılmış dörd təyyarədə 265 nəfər, Dünya Ticarət Mərkəzində 2606 nəfər, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında isə 125 nəfər ölüb. Bu hücumlarda həmçinin 19 terrorçu “Əl-Qaidə” üzvü ölüb. Terror aktları ABŞ iqtisadiyyatına 120 milyard dollar ziyan vurub. Yeri gəlmişkən, təkcə “Əkiz qüllələrdə” 14 min insan olub və 90-cı mərtəbəyə qədər olan insanlar binalar çökməmişdən əvvəl evakuasiya edilib.
ABŞ Federal Təhqiqatlar Bürosu hadisədən 72 saat sonra terrorçular haqqında ətraflı məlumatları toplayıb. Və tezliklə ABŞ prezidenti 11 sentyabr terrorunu sifariş verən və icra edən “Əl-Qaidə”yə qarşı qlobal savaş elan edib. Lakin amerikalıların “Əl-Qaidə” ilə “tanışlığı” 11 sentyabrdan daha əvvəl olub. 1998-ci ildə “Əl-Qaidə”nin Keniyanın paytaxtı Nayrobi və Tanzaniyanın paytaxtı Dar əs-Salamda ABŞ səfirliklərinə qarşı törətdiyi terror aktlarında 200 nəfər ölüb, 4000 nəfərə yaxın insan xəsarət alıb.
Daha əvvəl isə “Əl-Qaidə”nin qurucuları Əfqanıstanda sovetlərə qarşı Qərblə müttəfiq olublar. “Taliban” kimi “Əl-Qaidə” də 1980-ci illərdə Əfqanıstanda SSRİ-yə qarşı aparılan və Vaşinqtonun dəstəklədiyi cihad müharibəsinin “meyvəsi” idi.
“Əl-Qaidə” terror təşkilatı bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi Pişəvər sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi. Ümumiyyətlə, həmin illərdə Əfqanıstanda sovetlərə qarşı savaşın ideoloji bazasını məhz islamçılar təşkil edirdi. Müsəlman alimləri SSRİ-yə qarşı cihad fətvası vermişdi, tezliklə Afrikadan Pakistana qədər müxtəlif ölkələrdən radikal fikirli müsəlmanlar Əfqanıstana və ya Pakistana gələrək cihad təşkilatlarına qoşulur və sovetlərə qarşı “müqəddəs müharibə”də iştirak edirdilər. “Əl-Qaidə” məhz bu illərdə formalaşıb - həm təşkilati, həm də ideoloji olaraq.
“Əl-Qaidə”nin gələcək lideri Usama bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Ancaq təbii ki, varlı Usama döyüşlərə qatılmırdı, daha çox silahlı fəaliyyətləri maliyyələşdirirdi. Çünki onun ailəsi ən varlı tikinti maqnatlarından biri idi.
1996-cı ildə “Taliban” Əfqanıstanın paytaxt Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra “Əl-Qaidə” güclənir. 1998-ci ildə “Əl-Qaidə” Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində “əkiz qüllələr”, Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur.
11 sentyabr hadisələrindən sonra ABŞ qlobal səviyyədə terrora qarşı müharibə elan edir. 2001-ci ilin oktyabrında Əfqanıstan, 2003-cü ilin martında isə İraq işğal olunur. Bundan başqa 65 ölkədə irili-xırdalı antiterror əməliyyatları keçirildi. Hansılar ki, bu gün də davam edir.
11 sentyabr həm də dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və terror ittihamlarına səbəb oldu. ABŞ və Avropada uzun müddət müsəlman adları xüsusi şübhəlilər sırasında daxil edildi.
İslam əleyhinə çağırışlar gücləndi. Eyni zamanda terrora qarşı mübarizə çərçivəsində müsəlman ölkələrinin işğal olunması İslam aləmində kəskin reaksiya doğurdu, Qərb əleyhdarlığı gücləndi. Qərbə qarşı mübarizə elan edən radikal islamçı təşkilatların nüfuzu yüksəldi və terror aktları artdı. Nəticə etibarı ilə 11 sentyabrın ən böyük zərbəsi müsəlman aləminə dəydi. Bir tərəfdən müsəlman ölkələri işğala məruz qaldı, digər tərəfdən işğal və müharibələr radikalizm, dini ekstremizm kimi cərəyanları gücləndirdi.
ABŞ ordusu Əfqanıstanın əsas şəhərlərini ələ keçirib yeni Əfqanıstan hökuməti formalaşdırsa da, “Əl-Qaidə”ni məhv etmək mümkün olmadı. Yalnız 2011-ci il mayın 2-də ABŞ ordusu xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində “Əl-Qaidə” lideri Usama bin Laden Pakistanın Abbotabat şəhəri yaxınlığındakı evində öldürüldü.
Usama bin Ladenin ölümündən sonra “Əl-Qaidə”yə misirli həkim Ayman əz-Zəvahiri rəhbərlik edir. Zəvahirinin harda olduğu bilinmir. Yalnız ara-sıra səs yazıları ilə tərəfdarlarına müraciət edir. “Əl-Qaidə”nin ikinci dəfə parlaması “ərəb baharı” dövrünə təsadüf edir. Suriyada başlayan silahlı münaqişə tezliklə radikal islamçı qrupların da bu ölkədə peyda olmasına səbəb olur. İraq “Əl-Qaidə”si yenidən fəallaşır və İraq Şam İslam Dövləti (İŞİD) adı ilə ortaya çıxır. Ancaq 2013-cü ilin sonlarında qrup parçalanır və İŞİD “Əl-Qaidə”nin Suriya qolu olan ən-Nusra cəbhəsi qruplaşması ilə ayrılır. Zəvahiri isə Nusra Cəbhəsini dəstəkləyir. Hal-hazırda bu qrup Suriyanın İdlib vilayətində Heyət Təhrir əş-Şam qruplaşması koalisiyası tərkibində fəaliyyətini davam etdirir.
11 sentyabrdan sonra qlobal terrorizmə qarşı elan olunan müharibə və Əfqanıstanın, daha sonra isə İraqın işğal edilməsi gözlənilən nəticəni vermədi. Əksinə, İraq xaos və terrorun hökm sürdüyü ölkəyə çevrildi. Amerikalılar 2010-cu ildə İraqı rəsmən tərk etdiklərini elan etsələr də bu ölkədə ordu birlikləri saxladılar. 2014-cü ildə isə İŞİD-lə mübarizə üçün yenidən İraqa əlavə qüvvə göndərdilər. İraq isə hələ də sabit, təhlükəsiz ölkəyə çevrilməyib.
Əfqanıstanda isə ABŞ-ın Taliban hakimiyyətini devirməsi bir neçə həftəyə başa gəlsə də, Əfqanıstanda sabitlik əldə etmək mümkün olmadı. Faktiki olaraq ötən 19 ildə ABŞ və mövcud əfqan hökuməti yalnız iri şəhərlərdə hökm sürə bilib. Əyalətlərdə, əsasən dağlarda isə Taliban hələ də gücünü qoruyub saxlayıb. Məhz bu səbəbdən uzun illərdən sonra Vaşinqton Talibanla danışıqlar masasına oturdu və uzun müzakirələrdən sonra bu ilin əvvəlində Talibanla Vaşinqton arasında razılaşma əldə olundu. Bu razılaşmaya əsasən ABŞ qüvvələrini Əfqanıstandan çıxarır, Taliban isə yerli hökumətlə sülh danışıqlarına başlayacaq və döyüşlər dayandırılır. Amma Əfqanıstana köklü sülhün gəldiyini demək hələlik çox tezdir.
11 sentyabr XXI əsrin ən qanlı və ağır nəticələri olan hadisəsi hesab olunur. Bir çoxları isə 11 sentyabrı “dünyanın dəyişdiyi gün” adlandırır. Bu, şəksiz belədir, amma təəssüf ki, 11 sentyabr və sonrasında baş verənlər dünyanın yaxşılığa deyil, pisliyə doğru dəyişməsi oldu.
//oxu.az