Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Median.Az-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Lukaşenko və Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
"Hər iki tərəf baş verən problemlərin tez bir zamanda nizamlanacağına əminliyini bildirib. Başlıcası odur ki, bu problemlərdən iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr yararlanmamalıdır. Belarusda saxlanılan 32 Rusiya vətəndaşının qaytarılması ilə bağlı hər iki ölkənin profil strukturlarının sıx əməkdaşlığına müsbət qiymət verilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin məlumatında qeyd olunub.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya seçkilərdən 2 gün sonra ölkəni tərk edərək Litvaya qaçıb.