Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu.
Median.Az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: "Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”.
Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, Real TV respublika yayımçısı olmaq üçün müraciət edib:
"Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.