Dövlət Tikinti və Şəhərsalma Komitəsi və “ASAN xidmət” birlikdə “Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb.
Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan “Doing Business” sistemində 100 pillə irəliləyib.
Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə, xərclər 6700 manatdan 1500 manata düşüb.
Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.
“Sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmağa çalışırıq. Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən 15 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların istismardan keçməsi tələb olunmur”, - deyə A.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, tədricən ekspertiza tələb olunan tikililərin qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq.
/oxu.az