Median.Az qadın kikboksinq millimizin kapitanı Həqiqət İldırımovanın Oxu.az-a müsahibəsi təqdim edir:
- Həbs olunmuş Anar Süleymanov sizin məşqçiniz, müəlliminiz, onun döydüyü Şamama Bayramova isə sizin komanda yoldaşınız olub. Şamama evləndikdən sonra da sizinlə məşq edirdi?
- Yox, ailə qurduqdan sonra bizimlə məşq etməyib.
- Məşq etməyinə Anar icazə vermirdi?
- Vallah, bunu dəqiq deyə bilmərəm.
- Əvvəl də məşqçinizdə şiddətə meyillilik hiss etmişdinizmi?
- İnsani baxımdan mən ondan narazı qalmamışam. Onun yanına müğənnilər, onların övladları da məşq etməyə gəlib. Ədalət Şükürov, Samirə kimi müğənnilər zalda onunla məşq edib. Əgər kimsə ondan belə hərəkət görsəydi, məşqdən uzaqlaşardı. Bu, ailədaxili söhbət olsa da, artıq ictimailəşib. Bir şilləyə görə bunu ictimailəşdirmək, Anar müəllimi PKK üzvü, manyak, mazoxist kimi təqdim etmək tək ona yox, bütün idmançılara təsir edir.
Hər bir ailədə belə söz-söhbətlər olur. Azərbaycanda boşanmaların sayı da çoxalıb. Amma bu, o demək deyil ki, hər boşanan ailə bunu ictimailəşdirməlidir.
Kim ki saytlardakı xəbərlərə Anar Süleymanovun xeyrinə "comment" yazırsa, Şamamanın yaxınları onları etikaya sığmayan şəkildə təhqir edir. Şamama onun tələbələrinə "screen"lər atır ki, baxın, görün, Anar sizin haqqınızda nə yazıb, sizə pis gözlə yanaşıb.
Mənə də yazıb. Şamamaya dedim ki, yaxşı, bunu bir qadın olaraq başa düşdüm, amma mənə onun səni boğmağın, dilini, dırnaqlarını çıxarmağına dair şəkillərindən göstər. O mənə heç birini göstərə bilmədi. Bir-ikisini göstərdi, dırnaqlarının boyası yerində idi.
Yalnız bir qulağında qırmızı ləkə vardı. Mən də dedim ki, idmançıyıq, zədənin nə olduğunu bilirəm. Qayıdıb mənə dedi ki, sən mənə inanmırsan, balanın başına gəlsin, həbsxanada ona çörək aparasan. Eşitdiyimə görə, məni polisə verib. Guya mən onu ölümlə təhdid etmişəm(gülür).
- Onun sizə göndərdiyi şəkilləri, bəlkə, bizə də göndərəsiniz...
- O, məni "block" etdiyi üçün indi o şəkillər məndə görünmür. Mən onunla "Instagram"da yazışmışam. Məsələ artıq ictimailəşdiyindən, mən də öz fikirlərimi "Instagram"da yazırdım. Sonra özü mənə yazdı ki, niyə onun tərəfini saxlayırsan?! Toy gününün səhəri Anar müəllim status yazmışdı ki, kross qaçış edir. Dedim ki, müəllim, dünən toyunuz olub, bu nə qaçışdır? "Heç nə" deyib cavab verməkdən imtina etdi. Bir müddət sonra İtaliyadakı dünya çempionatına Fatimə və Fidan bacılarını apardı. Bir şilləyə görə onun anası, bacısını söymək düz deyil.
- Anarın anasının fikirlərindən belə başa düşmək olur ki, ortada xəyanət söhbəti də olub. Bu, nə dərəcədə doğru ola bilər?
- Mən də elə düşünürəm. Açığı, Anar müəllim məşqlərdə gərgin olurdu. Gərginliyi barədə soruşduqda bizə danışmırdı ki, ailə məsələsidir. Hər dəfə söhbətdən yayınırdı. Anar müəllim bizə çox nəvazişlə davranır, o deyildiyi kimi, adam vuran, döyən biri deyil. Mən də boşanmışam, həyat yoldaşım mənə qarşı da şiddət tətbiq edib. Üç uşağım var, alimentlər vaxtında verilir. Amma mən ailədaxili məsələni ictimailəşdirməmişəm...
"Instagram"a həmişə öz dostları ilə şəkilləri qoyurdu. Mən də fikirləşirdim ki, nə əcəb o, həyat yoldaşı ilə şəkil çəkdirmir? Elə Şamama da öz profilində yalnız öz şəkillərini paylaşırdı... Deyirdim ki, döyüldüyünü göstərən sübut kimi şəkilləri də paylaş, biz də görək. Soruşdum ki, səni niyə döyüb. O da dedi ki, mən onu qadınla tutmuşam. Bu, absurd fikirdir. Onsuz da Azərbaycanda kişilərin səksən faizi evli ola-ola öz subaylıq həyatını davam etdirir.
Deyir ki, psixoloq yanına gedirəm. Psixoloq yanına gedən adam özünə qapalı olar və heç vaxt məsələsini ictimailəşdirməz.
- Siz ailə quranadək Şamama ilə məşq etmisiniz. Subay vaxtı onu necə biri kimi tanımısınız?
- Açığı, uşaqlarımı yerləşdirib gəldiyimə görə, həmişə məşqlərə hamıdan gec gəlmişəm. Məşqdə də heç kimlə ünsiyyət qurmurdum. Amma Fidan və Fatimə bacılarının anasının mənə dediyinə görə, o, çox özündənrazı, kaprizli qız idi. Özüm ünsiyyətdə olmadığımdan heç nə deyə bilmərəm.