Azərbaycanda medalların sırasına daha biri - “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı əlavə edilib.
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin (MM) fevralın 19-da keçirilən növbəti plenar iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.
Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
/oxu.az