Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.
Bakının "20 yanvar", "İnşaatçılar" metrostansiyalarının ətrafında keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyadaya yol hərəkəti qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində isə inzibati protokol tərtib edilib.
Tədbir zamanı piyadaların daha çox "20 yanvar" dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobildən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisinin əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.//milli.az