“Bakı Medical Plaza” birinci kurs tələbəsinin ölüm səbəbini açıqlayıb.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri Kamal Quliyev oxu.az-a açıqlamasında bildirib ki, xəstə dördüncü xəstəxana olaraq “Bakı Medical Plaza”ya yerləşdirilib:
“Xəstəliyin ilkin əlamətindən 20-21 gün sonra xəstəxanamıza gətirilib. İlkin diaqnoz ağciyər toxumasının zədələnə biləcəyi ən son mərhələdə idi. Dörd sutka ərzində xanımın həyatını xilas etməyə çalışdıq.
Preparatlarla zədələnmiş ağciyər toxumasını bərpa etmək üçün zamanımız olmadı. Tənəffüs yetərsizliyindən həyatını itirdi. Çünki travması böyük idi”.
Kamal Quliyev bildirib ki, törədici olaraq başqa infeksiya aşkarlanıb:
“Biz bu barədə Səhiyyə Nazirliyinə məlumat vermişik”.
Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb:
“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.
Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.
Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.
* * * * *
Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.
Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib.
Belə ki, qızın H1N1 virusundan dünyasını dəyişdiyi iddia olunur.
Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığı bildirilir.
“Nərdanə 567 balla tarix fakültəsinə daxil olub. Beş imtahana gəlib, bir imtahana gəlməyib. Biz imtahana gəlmədiyini bildikdə əlaqə saxladıq. Bildirdilər ki, rəhmətə gedib, amma ölüm səbəbi barədə məlumatımız yoxdur”, - Bakı Dövlət Universitetindən saytımıza bildirilib.
BDU-dan qeyd edilib ki, Nərdanə Tağızadənin ailəsi ölüm kağızını hələ də universitetə təqdim etməyib.