Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
Median.az xəbər verir ki, tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər, icma üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını deyib. Qanlı 20 Yanvar faciəsinin ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu bildirən səfir Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə edildiyini bildirib.
Diplomat qeyd edib ki, Bakıda baş verən Qanlı Yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi. Həmin dövrdə hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz ulu öndər Heydər Əliyev olmuşdu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aktı qətiyyətlə pisləmişdi.
Rəşad Məmmədov bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Sergey Raxmaninovun əsərlərini ifa edib.
Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.