Bakıda 13 yaşlı uşaq anası tərəfindən tərk edilib.
Bunu oxu.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.
Onun sözlərinə görə, 2005-ci il təvəllüdlü qız anası tərəfindən evdə kimsəsiz və baxımsız şəraitdə tərk edilib:
“Qızın dediklərinə görə, anası, böyük və yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsində kirayə yaşayıblar. Uşağın anası kiçik qardaşını da götürərək analığının yas mərasimi üçün Yevlax rayonuna getdiyini bildirib və evi tərk edib”.
Vasif Akifli qeyd edib ki, 13 yaşlı qızın səfil həyatı yaşayan qardaşı ilə mütəmadi dalaşması nəticəsində qonşular polisə müraciət ediblər:
“Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 13 yaşlı Viktoriya Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinə yerləşdirilib”.
Hazırda qızın anasının axtarışına başlanılıb.