Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də, 56 yaşında vəfat edib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən bildirilib.
Qeyd edək ki, Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi beş il işləyib.
1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb.
Bu dövrdə “Günəşli” yatağında platformaların 30 faizinin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
23 senytabr 2015-ci ildə texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.
“Donanmanın fəxri işçisi” olan Ç.Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçısının 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.
Allah rəhmət eləsin.