Bakının dörd rayonunda yeni zibil qutuları yerləşdirilib.
Bunu oxu.az-a çıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində məişət tullantılarının yığılması və utilizasiya edilməsi üçün proqramı hazırlanır:
“Bura BŞİH tərəfindən müxtəlif sahələr üzrə yerli və xarici mütəxəssislər cəlb olunub. Həmin proqram mart və aprel ayında fəaliyyətə başlayacaq. İlkin mərhələdə xaricdə istehsal olunmuş 660 plastik konteyner Bakıya gətirilib. Onlar müxtəlif rənglərdədir və digərlərindən daha tutumludur”.
Qurumun sözçüsü bildirib ki, zibil qutuları həm əl, həm də ayaqla açılır:
“Qapaqları var. Bu da külək əsən vaxtı zibillərin ətrafa yayılmasının qarşısını alacaq. Qutular hər rayon üçün ayrı-ayrı rəngdə hazırlanıb. Onlar bir rayondan götürüb, başqa rayona aparmaq mümkün olmayacaq. Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonu ərazisinə artıq yeni konteynerlər yerləşdirilib”.
İsrafil Kərimov qeyd edib ki, yeni zibil qutuları digər rayonlar üçün də gətiriləcək:
“Onlar mərkəzi küçələrdə yerləşdiriləcəklər. Köhnə zibil qutuları da təmir olunacaq və ətraf ərazilərə paylanacaq. Gələcəkdə məişət tullantılarının daşınması üçün yeni texnika gətiriləcək. Eyni zamanda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri də yeni iş forması ilə təmin olunacaqlar”.