Azərbaycanda orta məktəbdə uçqun hadisəsi baş verib.
A24.az-ın redaksiyasına göndərilən məlumata görə, hadisə bir neçə gün bundan əvvəl Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məlumata görə, uzun müddətdir qəzalı vəziyyətdə olan məktəbin binasında dərs zamanı uçqun olub. Belə ki, təhsil müəssisəsinin koridorunun istinad divarları uçub. Həmin gün məktəbdə dərslər təxirə salınıb və şagirdlər evə buraxılıb.
Məlumatda bildirilir ki, bundan əvvəl də orta məktəbdə bir neçə dəfə uçqun hadisəsi olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən tam orta məktəbdə, ümumilikdə 380 nəfər şagird təhsil alır.
Xatırladaq ki, analoji hadisə ötən ay Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə də baş vermişdi. Dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizinin tavanı qəfildən uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılmışdı və dərslər yarımçıq qalmışdı.