Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin ilbəil azalır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır:
“Su qıtlığı böyük və aktual problemlərdən biridir. Bildiyiniz kimi, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır. Milli Hidrometeorologiya Departamenti tərəfindən hər il Böyük və Kiçik Qafqaz dağlarında qar ölçmə işləri aparılır.
Müşahidələr göstərir ki, qar xətti ilbəil yuxarıya doğru hərəkət edir və buzlaqların əhatə etdiyi sahə azalır. Bu, o deməkdir ki, respublikamızda formalaşan dağ çaylarında sululuq təhlükə altındadır. Bu baxımdan, su ehtiyatlarının qorunması, itkilərin aradan qaldırılması çox əhəmiyyətli və böyük bir problemdir”.
Umayra Tağıyeva qeyd edib ki, məsələ barədə müəyyən işlər görülməlidir:
“Təəssüf ki, bəzi hallarda içməli su texniki su kimi istifadə olunur, israfçılıq edilir. Buna görə də su ehtiyatlarına qənaətlə yanaşmaq lazımdır”.