Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri diqqətli olmağa, təyin edilən sürət həddini aşmamağa çağırıb.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verdiyi açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar gecədən bu saata qədər yalnız bir hadisə qeydə alınıb:
“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilir. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.
Gecədən bu saata qədər paytaxt ərazisində iki minik avtomobilinin toqquşması və kiçik maddi ziyanla nəticələnən bir yol qəzası qeydə alınıb. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.
O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar:
“Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Buna maksimum dərəcədə diqqət edilməsi tövsiyə olunur. Bundan başqa, hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının çirklənməsi səbəbindən də bir sıra problemlər yarana bilir.
Sürücülərdən xahiş edirik ki, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsinə diqqət etsinlər. Əks təqdirdə, belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək.
“Yol hərəkəti haqında” qanunun 50-ci maddəsində deyilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin.
Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisənin məsuliyyətindən hava şəraitinin pis olması bəhanəsi ilə yayınmağa çalışırlar”.