Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağının təminatını verir. Belə ki, nazirliyin müəssisələrində yaradılmış AZ 7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq.
Bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Nazir müavini bildirib ki, növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin, 2A-42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur:
“Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb.
Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə başlamışıq”, - sözləri Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi”.
Yəhya Musayev qeyd edib ki, 2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb:
“İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb”.