Son günlərə qədər bir çoxları iynələrin və sistemlərin vurulması üçün poliklinikalara deyil, cüzi məbləğ ödəyərək yaxınlıqdakı aptek işçisinə müraciət etməyə üstünlük verirdilər.
Bundan əlavə küçədə halı pisləşən yaşlı insanlar və yaxud da hamilə qadınlar da ilk rastlarına çıxan aptekə girib təzyiqlərini ölçdürür və buna müvafiq olaraq dərman atır və ya iynə vurdururdular.
Son zamanlar isə əczaçılar bu xidmətdən imtina edirlər. Bildirirlər ki, apteklərdə iynə vurmaq, hətta təzyiq ölçmək də qadağan edilib. Aptek işçiləri tərəfindən göstərilən ilk tibbi yardımın kim tərəfindən və nə məqsədlə qadağan olduğu isə sual olaraq qalıb.
Median.Az xəbər verir ki, bununla bağlı Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən verilən cavabı təqdim edirik: "Apteklərdə insanlara tibbi yardım və tibbi prosedurların həyata keçirilməsi ilə bağlı qeyri-qanuni bir hal yoxdur.
Çünki apteklərdə işləyən insanlar tibbi savada malikdirlər. Şəhərdə apteklərin sayı kifayət qədər çox olduğu üçün səhhəti pisləşən insanların yolüstü ora müraciət edib təzyiqlərini ölçdürərək, iynə vurdurmaları təbii haldır.
Aptek şəraitinin gigiyenik və sanitar normalara uyğun gəldiyini də göz önünə alsaq, burada qorxulu heç bir şey yoxdur. Qaldı ki, icazə məsələsinə, Səhiyyə Nazirliyi tərəfindən apteklərdə insanlara ilk tibbi yardım göstərilməsini və inyeksiya edilməsini qadağan edən qanun yoxdur. Bu iş aptek müdiri, yəni sahibkarlar tərəfindən tənzimlənir. İcazənin verilib-verilməməsi də birbaşa sahibkarın özündən asılıdır.
Çünki xəstəyə tibbi yardım göstərilərkən və ya iynə vurub sistem qoyarkən təbii ki, satış prosesi ləngiyəcək. Bu isə sahibkarın marağında olmaya, buna görə də sahibi olduğu aptekdə bu kimi işlərin həyata keçirilməsinə qadağa qoya bilər.
Bundan əlavə iynə vurduran şəxslər təbii ki, həmin tibb işçilərinə müəyyən məbləğdə pul da ödəyirlər. Çox güman ki, qadağanın ikinci səbəbi bununla bağlıdır.
Çünki bu pul əczaçıya çatdığı üçün sahibkar iş vaxtı əlavə işlərlə məşğul olmasına icazə verməyə bilər. Bu hal yalnız müdir–işçi arasında tənzimlənməlidir”.