Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı dislokasiya təsdiq olunub. Artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb.
Hazırda metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Neftçilər" və "Gənclik" stansiyalarının qarşısında çadırlar qurulub. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.
Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.