Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.
Median.Az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib.
Noyabrın əvvəlində Madriddə keçirilən tədbirlə bağlı BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa hoteldə qalmaqalla bağlı yazılanlar barəsində danışan şeyx qeyd edib ki, bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir:
“Qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyəsə görə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər?
Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm”, - deyə Allahşükür Paşazadə bildirib.