Bakı Apellyasiya Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mayıllının CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quludrluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəlləri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mayıllı və Niyaməddin Mustafayev tutulublar.
Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, zərərçəkmiş Mehman Cabbarovun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər. O, dəymiş ziyanın ödənildiyini, onlar barəsində şikayəti və tələbi olmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan S.Mayıllı apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, məhkumun şikayətini təmin etməyib.