Son günlərdə dörd İran vətəndaşının saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın “Tehran-Bakı” aviareysi ilə Azərbaycana gələn İran vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahimniaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların noyabrın 17-də “Tehran-İstanbul” aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.
Müvafiq araşdırmalardan sonra saxlanılan şəxslər gəldikləri istiqamətdə Azərbaycan ərazisindən deportasiya olunublar.