Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən “Yeni Günəşli” yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil.
Buna görə sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Qeyd edilib ki, sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şossesindən, həmçinin sadalanan keçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər.
“Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq”, - deyə məlumatda vurğulanır.