Bakı Ağır Cinayətlər Məhkəməsinə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası başalyıb.
Median.Az xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman Sahib İbrahimov bildirib ki, Naxçıvanda 1971-ci ildə anadan olub, hazırda Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. O, sahibkarlıqla məşğul olduğunu, vəkilinin təcili işi olduğu üçün məhkəməyə gələ bilmədiyini deyib.
Daha sonra zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov orderi məhkəməyə təqdim edib. İstintaq mərhələsində E.Allahverdiyev qaldırdığı mülki iddiasında, 162.400 dollar maddi ziyanın və 50.000 manat mənəvi ziyanın ödənilməsini istəyib.
Hazırlıq iclası ayın 28-də davam etdiriləcək.
Xatırladaq ki, iş üzrə 52 nəfər zərərçəkmiş qismində tanınıb, ümumilikdə onlara 2 milyon manat ziyan dəyib. S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.