Bakıda və rayonlarda son vaxtlar eyni üsulla törədilmiş fırıldaqçılıq halları artıb.
Median.Az “Xəzər” TV-yə istinadla xəbər verir ki, Bakıda və Mingəçevirdə Pakistan vətəndaşları satıcıları aldatmaq istəyib.
Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən aptekdə xarici vətəndaş əczaçını aldadaraq həm müalicəvi saç yağını, həm də 95 manat pulunu mənimsəyib. Həmin şəxs əvvəlcə əczaçıya yaxınlaşaraq, 100 manat pul verib, müalicəvi saç yağı almaq istədiyini bildirib.
Əczaçı isə məhsulun pulunu çıxıb, ona 95 manat qalıq qaytarıb. Sonra bu şəxs əczaçıya saç yağını almaq istəmədiyini və ona verdiyi 100 manatı geri qaytarmasını istəyir, qalıq pulu isə əczaçıya qaytarır.
Bu zaman əczaçının başını qatıb 100 manatı ona qaytarmır. Əvəzində başqa saç yağı almaq istədiyini deyir.
Əczaçı həmin saç yağını gətirərək ona verir və elə zənn edir ki, müştəri tərəfindən verilən 100 manat ondadır. Buna görə də məhsulun pulunu çıxıb ona 95 manat qaytarır. Nəticədə əczaçı həm 95 manat pulundan, həm də dəyəri beş manat olan müalicəvi saç yağından olur.
Eyni hadisə Mingəçevir şəhəri Nizami küçəsində yerləşən paltar satılan mağazada da qeydə alınıb.