Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən BİR nəfər şəxs saxlayıb.
Bu barədə DSX-dən bildiriblər.
Avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn iki ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aşkarlanıb.
Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində nəzarət iz zolağında bir nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində bir nəfər sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub.
Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, bir ədəd “Samsung” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif altı ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.
Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.