Müslüm Maqomayevin anadan olmasından 76 il ötür
Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib.
1970-ci illərdən həyatını estrada ilə bağlayıb və populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır.
O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evli olub.
1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib, SSRİ-nin “Xalq artisti” fəxri adını qazanıb.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev Müslüm Maqomayevin 76 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb./oxu.az