Bakıda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Füzuli rayon sakini Qəribov Rauf Məhəbbət oğlunun bıçaqlanaraq qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Median.Az xəbər verir ki, mərhumun yaxınlarının "report”a verdiyi məlumata görə, hadisə avqustun 15-də Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananın yaxınlığında qeydə alınıb.
Məlumata görə, R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun parkda olarkən naməlum şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. F.Qəribov hadisə yerində qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb. Taksi fəaliyyəti ilə məşğul olan R.Qəribov hadisə yerinə gələndə, həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.
Qəribovların yaxınları bildiriblər ki, Firudin Qəribov fiziki qüsurludur. F.Qəribov parkda olarkən tanımadığı şəxslər ona söz atıblar: "Mübahisə də buna görə düşüb. Onun özünü yaralayıblar, köməyə gələn qardaşını isə qətlə yetiriblər. Rauf Qəribov ailəlidir, bir oğlu var. Maşın almışdı, taksi fəaliyyəti ilə məşğul idi. Ailələri Füzulidən məcburi köçkün düşüb, ataları da II qrup Qarabağ əlilidir. Sakit ailədirlər”.
Faktla bağlı cinayət işi başlanılıb, qətl törədən şəxslərin axtarışları davam etdirilir.