"Təmiz hava" aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birgə tərdbirlər planına əsasən, Astarada reyd keçirilib.
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən reyd zamanı bir sıra avtomobillərdə atmosferə buraxılan zərərli qazların miqdarının normadan artıq olduğu və bəzi sürücülərin maşınlarını sərxoş halda idarə etdikləri müəyyən edilib.
Reyd zamanı sürücülük hüququ olmadan avtomobili idarə etmə, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və digər kobud qayda pozuntularına rast gəlinib.
Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə məsələ ilə bağlı bildirib: "Reyd zamanı kobud qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkar edilmişdi. Sərxoş vəziyyətdə avtomobili idarə edən, dövlət nömrə nişanı olmadan, əlavə avadanlıq quraşdıran nəqliyat vasitələrinin sürücüləri tərəfimizdən aşkar edilərək onlar barəsində inzibati protokol tərtib edilmişdi".
Bir sürücü də maşınını sərxoş şəkildə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Elvin Manafov - sürücü: "Dostumun ad günü idi, orda yüngülvari qonaqlıq etdik. Gəldik maşını ustaya aparım, yol polisləri qabağımı kəsdilər, dedilər icazə olmaz. Üzürlü hesab edin, bağışlayarsız, pivə içmişəm".
Həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülərə qarşı rayon ərazisində bu cür reydlər qarşıdakı vaxtlarda da keçiriləcək.