Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4337 namizədin iştirakı nəzərdə tutulub.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq.
Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.