Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbəri yalnışdır.
Bunu oxu.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova bildirib.
Onun sözlərinə görə, atasının məzarı Ağdamdadır:
“Sosial şəbəkələrdə videosu yayılan qəbir daşı atama məxsus deyil. Atamın qəbri Şuşada deyil. Dəmir bir məhəccərin üstünə kağızdan şəkli qoyulmuşdu. O vaxtdan Ağdamdan qəbirləri götürməyə icazə verilmirdi.
Deyirdilər ki, ora şəhidlərdən ibarətdir və hamısı oradadır. Şəhidlərin ailəsinə qəbrin götürülməsi üçün icazə verilmirdi. O vaxt atamın qəbrinin üstünə beton tökdülər. Orada heç vaxt mərmərdən daş olmayıb. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə icazə verilir?”
Zümrüd Bağırova qeyd edib ki, yayılan xəbərdə Razmik adlı erməninin adı keçir:
“Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbir daşı ermənilər tərəfindən dağıdılıb. Bu barədə məlumatı ermənişünas İsmayıl Tanrıverdi də “Facebook” səhifəsində yazıb.
Guya bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və paramparça ediblər.