Xəzər dənizinə müxtəlif axarlar vasitəsilə 1.850 000 kub metr tullantı suyu daxil olur.
AZXEBER.COM-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, Xəzər dəniziin sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərləri və digər yaşayış məntəqələrindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab olunur.
R.Səttarzadə bildirib ki, Azərbaycanda kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ekoloji problemlər hələ də həllini tapmayıb: "Nazirlik tərəfindən Xəzərin Azərbaycana mənsub ərazilərində və sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, üzən vasitələrdə, obyektlərdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 224 axar qeydə alınıb. Bu axarlar vasitəsilə dənizə gündə 1.850 000 kub metr tullantı suyu daxil olur. Sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları Xəzərə axıdılır. Nəticədə Xəzər dənizinin ekoloji vəziyyəti pisləşir".