Zaqatala rayonunda, yüksək dağlıq ərazidəki yaylaqda çoban itkin düşüb.
Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyul ayının 21-dən itkin düşüb.
Qurbanın qardaşı Eyvaz İbrahimov bildirib ki, Dabat adlanan dağda Muxax kənd sakini, fermer Əhmədov Zeynullahın sürüsünü otaran qardaşı başqa bir çobanla qoyun sürüsünün yanında olarkən yeməkləri qurtardığı üçün yemək gətirmək məqsədilə binəyə gedib və geri qayıtmayıb.
Digər çoban səhəri gün onun gəlmədiyini gördükdə özü sürü ilə birlikdə binəyə enib və məlum olub ki, Q. İbrahimov itkin düşüb. Ehtimal edilir ki, binədən yemək götürüb qayıdan zaman ərazidə qatı duman olduğundan Qurban yolunu azaraq itkin düşüb.
Artıq dörd gündür ki, Qurban İbrahimovdan heç bir xəbər yoxdur. Dağlara bələd olan bir neçə çoban onu axtarsa da, bu axtarışlar hələlik heç bir nəticə verməyib. Eyvaz İbrahimov və fermer Zeynullah Əhmədov rəsmi şəkildə Zaqatala rayon Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə müraciət ediblər. Bu gün səhərdən dövlət qurumları itkin düşmüş çobanın axtarışına başlayacaqlar.
* * * * *
Zaqatalada 36 yaşlı kişi itkin düşüb.
FHN-dən bildiriblər ki, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.
Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.